Səhər qəzeti

İsrail və Livan müharibənin bir addımlığında: Savaşı ən çox kim tətikləyir?

Tarix:30-07-2024, 17:54
Baxış Sayı:6

 

2023-cü ilin 7 oktyabrında İsraillə HƏMAS qruplaşması arasında başlayan qarşıdurma artıq təkcə iki tərəf arasında deyil, ümumilikdə Yaxın Şərq regionunda münaqişə çarxını yerindən oynadıb. Belə ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara məhz Livan "Hizbullahı"nın qeyd-şərtsiz dəstək verməsi həm rəsmi Təl-Əvivin münaqişədəki əhatə dairəsini bir az da şaxələndirib, həm də Livan ətrafında gərginliyi son həddə çatdırıb. Gedişat tərəfləri potensial müharibə astanasına gətirib çıxarıb.

Son olaraq isə Colan təpələri bölgəsinə raket hücumunda 12 uşağın öldürülməsi və hücumda "Hizbullah"ın ittiham edilməsindən sonra İsrail Təhlükəsizlik Kabineti Baş nazir Netanyahu və müdafiə naziri Yoav Qallanta "Hizbullah" əleyhinə qərarlar vermək səlahiyyəti verib. Bu da tərəfləri regional müharibənin bir addımlığına gətirib. Üstəlik, tərəflərin ənənəvi olaraq proksi qüvvələrini daha da aktivləşdirməsi, paralel olaraq kənar qüvvələrin gərginliyin qarşısının alınması istiqamətində diplomatik deyil, dolayısı ilə hərbi yolu dəstəkləməsi yeni münaqişə ocağının yaranması ilə bağlı ehtimalları daha da artırıb.

Bununla yanaşı, İsrailin həm hazırda münaqişə içində olduğu, həm də astanasında dayandığı qüvvələrin güc nisbətini müqayisə etsək, deyə bilərik ki, "Hizbullah"ın HƏMAS-ı ümumi potensialına - silah-sursatın həcmi, döyüşçü sayı, maddi imkanları və digər amillərə görə üstələməsi potensial qarşıdurmanın İsrail-HƏMAS münaqişəsinə bənzəməyəcəyini deməyə əsas verir. Əbəs deyil ki, tərəflər dolayısı ilə özləri də artıq müharibəyə hazır olduqlarını bəyan edib, bir-birinə qarşı qəbuledilməz şərtlər irəli sürüblər. Lakin o da məlumdur ki, iki cəbhədə, həm də müttəfiq qruplara qarşı mübarizə aparmaq qətiyyən İsrailin maraqlarına uyğun deyil. Elə buna görədir ki, Təl-Əviv hələlik Beyruta daxil olmağa risk etmir.

Çünki İsraili ehtiyatlı davranmağa mövcud situasiya ilə yanaşı, həm də tarixi presedentlər məcbur edir:

Əvvəla, "Hizbullah" 1982-ci ildə məhz Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaranıb. İlk birbaşa silahlı qarşıdurma isə 2000-ci ildə baş verib. "Hizbullah"ın partizan əməliyyatlarını davam etdirməsi nəticəsində İsrail ordusu Livandan tamamilə geri çəkilib. Qarşıdurmanın ikinci aktiv fazası isə 2006-cı ildə olub. 32 gün davam edən İkinci Livan müharibəsi nəticəsində İsrail Livana tətbiq etdiyi mühasirəni aradan qaldırıb və geri çəkilib. Bir sözlə, Livan yenə də istədiyinə nail olub.

İkincisi - konyunkturun dəyişməsi ilə bağlı olan mövcud situasiya. İsrail potensialını Qəzzadakı əməliyyata yönəldib. Lakin doqquz aydır davam edən gərgin proses nəticəsində mülki obyektlərin hədəf alınması, dinc vətəndaşların qətlə yetirilməsi və əldə edilməyən atəşkəs beynəlxalq ictimaiyyətin, hətta Bayden ABŞ-sinin belə, İsraili tənqid etməsinə gətirib çıxarıb.

Üçüncüsü, bu il iyunun 29-da Ərəb Dövlətləri Liqası səkkiz ildən sonra "Hizbullah"ı terror təşkilatı siyahısından çıxarıb. Liqanın nümayəndəsi Hişam Yusif yeni qərarın Ərəb Liqası və "Hizbullah"ın ünsiyyət qurmasına yol açdığını bildirib. O, Beyruta səfəri zamanı "Hizbullah"a bağlı "Müqavimətə sadiqlik" blokunun lideri, Livan parlamentinin üzvü Məhəmməd Raad ilə də görüşüb və bu görüş Ərəb Liqası ilə "Hizbullah" arasında illər sonra ilk təmas kimi qeydə alınıb. Bu isə Yaxın Şərqdə İsraili üzük qaşı kimi əhatə edən ərəb-islam dövlətlərinin ən azı neytral qalmaq bahasına olsa da, İsraili dəstəkləməyəcəkləri anlamına gəlir.

Məsələnin digər tərəfi isə müxtəlif regionlarda olduğu kimi, Yaxın Şərqdə də təsir rıçaqlarını qoruyub-saxlamaq istəyən aparıcı dövlətlərin və beynəlxalq təşkilatların münaqişəni qızışdırmaq cəhdi ilə bağlıdır. Qəzza əməliyyatının dayandırılması üçün İsrailə yetərli təzyiq etməyərək "Hizbullah"ın prosesə cəlb olunmasına zəmin yaradan da məhz sözügedən qüvvələrdir. Məhz münaqişə prosesində maraqlı olan qüvvələr, ələlxüsus da kollektiv Qərb bu məsələdə mümkün qədər çox qan tökülməsinə, düşmənçiliyin, nifaqın dərinləşməsinə can atırlar ki, regionda sülh olmasın və bununla da hər iki tərəf üzərində idarəetmə sistemini həyata keçirə bilsinlər.

İstənilən halda, HƏMAS başda olmaqla Qəzzadakı silahlı qruplar məğlub edilmədən İsrailin "Hizbullah"a qarşı böyük müharibəyə cəhd etməsi riskdən başqa heç nə vəd etmir. Çünki hər iki cəbhədə aktiv müharibə aparmaq İsrailə baha başa gələ bilər. Bu baxımdan, İsrail hökuməti Livan "Hizbullahı" ilə bağlı yekun qərar vermək üçün noyabrda ABŞ-də keçiriləcək prezident seçkisinin nəticələrinə də ümid bəsləyə bilər. Çünki Baydendən fərqli olaraq, Tramp İsraili birmənalı olaraq dəstəkləyir.

İstisna deyil ki, "Hizbullah" da əlinə düşən fürsətlərdən və zamandan istifadə edib proksi qruplarla strategiyanı daha da dərinləşdirərək İsraili zərərsizləşdirməyə çalışacaq. Bu prosesdən qazanan isə heç şübhəsiz ki, həmişə olduğu kimi, yenə də tərəfləri dəstəkləyən ölkələr olacaq. İran İsrailə qarşı hücum xəttini daha gücləndirəcək və birbaşa iştirak etmədiyi müharibədən karlı çıxmağa çalışacaq. Yəhudi-ərəb münaqişəsinin dərinləşməsini ən çox istəyən Qərb də təsir dairəsini genişləndirmək üçün regionda yeni gərginlik ocaqlarının yaranmasında maraqlı olacaq. Bir sözlə, münaqişə tərəflərinin itirdikləri qazandıqlarından, müdaxilə tərəflərinin qazandıqları isə itirdiklərindən çox olacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ