Səhər qəzeti

Elm dünyasını heyrətləndirən kəşf: Hörümçəklərin ov üsulu

Tarix:20-08-2024, 08:06
Baxış Sayı:3

 

Çin, Afrika və Avropadan olan bioloqlar Asiya tor quran hörümçəklərinin işıldaquş erkəkləri ovlayaraq, onları dişi işıldaquşların verdiyi siqnalları yaymağa məcbur etdiyini aşkar ediblər. Bu davranış daha çox qurbanı hörümçəklərin toruna cəlb edir.

Alimlərin müşahidələrinin nəticələri "Current Biology" elmi jurnalında dərc olunub.

"Apardığımız müşahidələr göstərir ki, "Araneus ventricosus" növlü hörümçəklər işıldaquşların erkəklərini tutur və onları dişilərin yaydığı işıq siqnallarını yaymağa məcbur edir. Bu, digər erkəklərin diqqətini cəlb edərək, nəticədə onların da hörümçək toruna düşməsinə səbəb olur", - tədqiqatda qeyd olunur.

Müşahidə sessiyalarından birində alimlər diqqət yetiriblər ki, bu növ işıldaquşların erkəkləri çox vaxt "Araneus ventricosus" hörümçəklərinin qurbanına çevrilir, lakin onların ətrafında və ya hörümçək torunda heç bir dişi işıldaquş görməyiblər. Bu, elmi komandanı işıldaquşların erkəklərinin hörümçəklərin qurbanına necə çevrildiyini və bu onurğasız yırtıcıların öz qurbanları ilə necə əlaqə qurduğunu izləməyə vadar edib.

Müşahidələr göstərib ki, hörümçəklər tutduqları işıldaquşların davranışlarını manipulyasiya edərək, erkəklərin diqqətini cəlb etmək üçün dişilərə xas olan tək işıq siqnallarını buraxmağa məcbur edirlər. Bunun üçün hörümçəklər ovlanmış işıldaquşları xüsusi şəkildə hörümçək toruna bürüyür və bədənlərinin müəyyən hissələrini dişləyirlər. Bundan sonra erkəklər dişilərin istifadə etdiyi siqnalları yaymağa başlayırlar.

Tədqiqatçılar hesab edir ki, bu, "Abscondita terminalis" erkəklərinin davranışı və işıqlanması ilə məqsədyönlü şəkildə manipulyasiya etdiyini göstərir. Beləliklə, onlar daha çox qurbanı öz torlarına cəlb edərək, daimi qida mənbəyi ilə təmin olunurlar.

Digər xəbərlər
XƏBƏR LENTİ