Səhər qəzeti

UNUDULMUŞ   UNUDULMAZLAR

Tarix:3-08-2024, 09:53
Baxış Sayı:23

 

SÖZ adamı haqqında qısa söz
Hidayət Elvüsalın SÖZ dünyasının astanasında  duyduqlarımız, eşitdiklərimiz və oxuduqlarımız
...Onun haqqında illər öncə yazmaq istəsəm də, qələmimin qüdrəti yetmədi ki, ikicə cümlə ilə ürəyimdən keçənləri ümumiləşdirib sevimli oxucularına hansısa qəzet səhifələrində təqdim edim. Axı, bu, həm də mənim üçün bir mənəvi, psixoloji-sosioloji yük idi. Bu yükü daşımaq  asan gəlməsin sizə.
Deyim ki, hələ doğma yurdda - Kəlbəcərdə dünyaya göz açıb, dilim kəlmə tutandan bir köklü-köməcli nəsil haqqında öz doğmalarımdan, daha doğrusu, kəlbəcərlilərimizdən az eşitməmişdim. Bundan qürur hissi keçirmişdim ki, əsilli-nəsillilər rayonumuzda barmaqla sayılacaq qədər az deyil.
Belə ulu nəsillərdən (əslində, Kəlbəcərlə yaşıd-M.N.) biri də Nağılardır. Qol-qanadına, nəsil şəcərəsinə baxanda düşünürsən ki, bəlkə elə kəlbəcərlilərin əksəriyyətinin kökü gedib Nağılarla qovuşur.
Bu nəslin ağsaqqal-ağbirçəklərinin hörmət-izzəti də başdan uca saxlanıb həmişə. Mənim yaşımdan da illər öncə belə deyiblər.
Məqsədim bu nəsili yenidən tanıtmaq deyil. Bu nəsili təkcə kəlbəcərlilərə yox, ümumilikdə xalqımıza, əslində isə böyük Türk  aləminə, TURAN dünyasına sevdirən həm də ulu, odu sönməyən, istisi-tüstüsü azalmayan ocaqda dünyaya göz açan saz-söz vurğunları, qələm və könül adamlarıdır.
Nəslin qələm-söz adamlarının şair Sücaətdən başlamış, bugünkü nümayəndələrinə kimi hər biri tanınıb, sevilib, oxunub və yaddaşlara yazılıb. Mən, əslində, bəlkə də günah elədim:  bu yolun Sücaətimizdən başlandığını önə çəkdim. Axı, sevimli şairimizin əmisi Həbib Əhmədovun poeziyası heç də digərlərininkindən zəif olmayıb. Sadəcə, Sücaət (sevgi, qəm-möhnət şairimiz) dillərdə ona görə dastana çevrildi ki, onun taleyində dolanbaclar az olmadı. Dörd divar arasında saxta hökmlərə, o dövrün eybəcər ictimai quruluşuna üsyan edən şeirləri həbsxananın tikanlı məftillərlə mühasirəyə alınan səddi ildırım sürətilə yarıb keçirdi.
Toy məclislərində aşıqların dilinin əsbərinə çevrilmişdi Sücaət. Elimizin gözəl saz ifaçısı, tar müəllimi Ziyadxan Süleymanov şairimizin təkcə vurğunu, dostu deyil, həm də daha çox təbliğatçısı kimi tanınır. Elə bilirdilər ki, bu nəsildən yalnız Sücaət yaza bilir. Sən demə, onun kimi qələmi, bədii dünyası, söz kəhkəşanında xəzinəsi olanlar  az deyilmiş. Mən bunu Həbib Əhmədovun şeirli dünyasına bələd olduqdan sonra ürəklə demişəm: Nağıların müdrikliyini elə onların poetik dilindəncə duymaq olur.
Sözün qısası, istəməm ki, yazmaq istədiklərimlə sizi yorum. Uzun illər boyu neçə qələm-söz adamlarından yazdımsa, Sücaətimizdən, əmisi Həbib müəllimin bədii yaradıcılığından, Hidayət Elvüsalın publisistikasından söz açmağa cəsarət eləmədim. Bunun da əsas səbəbi onların yanında hər ötənin söz deyə bilməməsi olub. İstəməmişəm ki, onların yaradıcılığı yanında  mənim dediklərim çox zəif görünsün. Bu barədə Həbib müəllimin oğlu, Hidayət Elvüsalla uzun illər mətbuatda  birgə çalışan jurnalist həmkarım Nəsimi müəllimə də demişəm. Buna görə də illərlə nə Sücaətimizdən, nə də qardaşı, yaxından bədii təfəkkürünə, insanlığına bələd olduğum Hidayət Elvüsaldan heç nə yaza bilməmişəm.
Açığını deyim ki, əslində, əlində qələmi, dilində bədii kəlamı olan kəlbəcərlilərimiz də onlar haqqında  söz açmayıblar. Bəlkə elə mən haqlıymışam, çəkinməyimdən?!
“Belə-belə işlər”... Mirzə Cəlil yolu ilə...
Hidayət Elvüsal Azərbaycan mətbuatında öz dəst-xətti olan jurnalistlərimizdən biridir. Vallah bu yazdıqlarıma nə ehtiyacı var, nə də umacağı. Onu da xatırladım ki, mən çoxsaylı qələm, saz-söz adamlarından kifayət qədər yazmışam. Düşünməmişəm ki, layiqli yazmışam, yoxsa zəif. Kəlbəcər ədəbi dünyasından toplayıb kitablar buraxanda da onların qələminin zəif-güclü olmasına fikir vermədik. Kəlbəcərlilərin dil açan balalarının qafiyəli danışması idi əsas səbəbimiz. Dədə Şəmşir demişkən, “... hər meyvənin bir dadı-tamı olur”. Poeziyada, şeiriyyatda, səsdə də elədir. Burada bir məsələ də var axı: kimsə kimisə yamsılayırsa, öz yolu-izi olmursa, ondan sənətkar çıxmaz.
Hidayət Elvüsalın məqlələrini özüm orta məktəb illərimdən oxuyandan ədəbi düşüncələrinə, dilinin rəvanlığına (el dilində daha çox yazıb, satirik qələmi ilə Mirzə Cəlilimizi, Mirzə Ələkbər Sabirimizi xatırladıb bizə) həmişə heyran olmuş və yaxşı mənada qibtə etmişəm. 
Yaxından görmədiyim və tanımadığım, 1949-cu il iyun ayınınn 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib.
 Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib.  Daha sonra “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”) də işləyib. 20 Yanvar günlərində milyondan artıq oxucusu olan “Səhər”in yaradıcılarından biri kimi, baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin  isə  təsisçisi və baş redaktoru olub.
 Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. “Belə-belə işlər” rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal sonralar elə bu adda da satira qəzetini təsis etdi. O, eyni zamanda mahnı mətnlərinin müəllifi  və  həvəskar bəstəkar kimi də tanınır...
Humanistlikdən himayədarlığadək:
Kəlbəcərli  jurnalistlərə Hidayət nədən “yalan danışıb”?
Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində çalışdığım günlərin birində  eşitdik ki, Hidayət Elvüsal redaksiyamızın qonağıdır. Redaktor Zimistan Həsənovun otağında keçirilən görüşdə ilk dəfə idi ki, onu yaxından görürdüm. İllər öncə  olan arzularımın biri gerçəkləşmişdi. Sevincimin həddi-hüdudu yox idi. Axı, mən onunla redaksiyada görüşürdüm,  jurnalist həmkarı kimi. Səhv eləmirəmsə, doxsanıncı illər idi. Deyəsən, “Azərbaycan gəncləri” qəzetindən gəlmişdilər. İki nəfər idilər. Məncə, Kəlbəcərin Sarıdaş kəndindən olan bir gənc  müxbirlə (adı, səhv eləmirəmsə, Sədiqə, özü də sarışın qız idi.) gəlmişdilər.
Yaylaqlardakı, eləcə də Ermənistanla həmsərhəd kəndlərimizdəki vəziyyətlə maraqlanırdılar. Yay ayları olsa da, havalar qəfildən dəyişmiş, təbiət, nədənsə, boz üzünü onlara göstərmişdi: az qala, qar yağacadı. Qız müxbirin,  Bakıda isti olduğuna görə, nazik geyinməsi onun dağlarda titrəməsinə səbəb olmuşdu.
Redaksiyanın əməkdaşları ilə birlikdə həmkarlarımıza bir qonaqlıq təşkil edilmişdi. Bax, ilk dəfə o günlərdə mən Hidayət Elvüsalın dilinin şirinliyinə, qələminin qüdrətinə bələd oldum. Geri qayıdanda gözəl bir reportajlarını oxuduq...
...Kəlbəcərsizlik günlərimiz başlamışdı. “Yenilik” qəzetinin redaksiyası da öz əməkdaşlarını itirmişdi: kim harada imkan tapırdısa, orada məskunlaşırdı. Tale bəzilərimizi Bakıyadək gətirib çıxarmışdı. Gözlərimiz yaşlı, “başıdaşlı” hərə bir yanda iş axtarırdı. Bir gün Bakının Yasamal rayonundakı “Azərbaycan” nəşriyyatına getdim. Orada Kifayət Umudqızı ilə, redaktor müavini olan Vidadi Məmmədovu gördüm. Qan-yaş  süzülən gözlərimizlə kimisə axtarırdıq. O zaman Məmməd Aslan, Hidayət Elvüsal və Adil Cəmil nəşriyyatda, hərəsi bir redaksiyada  işləyirdilər. Hidayət Elvüsal “Ədalət” qəzetində baş redaktorun müavini idi.
Deyəsən, Allah üzümüzə baxmışdı ki, ünvanına gəlmişdik. Onun da bizim kimi,  qəlbinin qan-yaş axıdan günləri idi. Bizi redaksiyada elə qarşıladı ki, sanki illərdir bir süfrədə çörək kəsmişik. Təsəlliedici nə var idisə, hamısını deyir, bizi inandırmağa çalışırdı ki, tezliklə Kəlbəcəri erməni əsarətindən xilas edəcə, biz də öz  redaksiyamızda çalışacağıq.
Sözün  qüdrəti onun necə deyilməsindən çox asılı olduğunu ilk dəfə Hidayət qardaşımızdan öyrəndim o günlər. Vaxtilə kəlbəcərlilərin təsis etdiyi və nəşrinə başlaya bilmədikləri “Murovdağ” adlı bir qəzet redaksiyasının da bu mərtəbədə olduğunu görüb sevindik. Hidayət Elvüsal bizi başa saldı ki, ağlamaq yox, mübarizə aprmaq, el-obamızın camaatına təsəlli olacaq məqalələrlə çıxış etmək, yurd-yuvalarımızın azad ediləcəyinə inamı möhkəmləndirmək bizim üzərimizə düşür.
Bizim hər üçümüzün də tezliklə iş tapacağımıza söz verir, dost-tanışlardan xahiş etməyi ilə qəlbimizə bir az da girirdi. “Murovdağ” qəzetinin redaktoru Nizami Şabanoğlu ilə bizi tanış edib, ona tapşıranda dedi ki, bax, bunların haqqı daha çoxdur bu qəzetdə işləməyə: “Hər üçünün də qələmi  var, istifadə eləmək lazımdır...”
Beləliklə, biz müvəqqəti, iş tapana kimi “Murovdağ” qəzeti redaksiyasına gedib-gələsi olduq. Aradan bir  müddət keçmiş, ay ola, ya olmayadı, Hidayət  müəllim bizi öz otağına çağırıb dedi:
-Görürsüz, sizi bəy də unutmayıb...
O, İsgəndər Həmidovu nəzərdə tuturdu, Allah rəhmət eləsin!
Hərəmizə bir konvert verib dedi:
-Bunlar, hər nədirsə, Sizə  yardımdır, bəy göndərib...
Konvertdəki pulları (Hər birində 2 ədəd  250 manatlıq var idi. O vaxtlar bu pula, üstündə Qız qalasının şəkli olduğuna görə, elə “Qız qalası” deyirdilər. Bu da hərəmizə 500 manat yardım demək idi-M.N.) görüb üçümüz də kövrəlib, onun boynunu qucaqladıq.Axı, ciddi ehtiyacımız var idi. Kifayət Umudqızı (Allah rəhmət eləsin) pulu götürmür, eləcə hey ağlayırdı. Onun bu halı Hidayətimizi də  kövrəltmişdi: o da bizə qoşulmuşdu.
O gün birtəhər ki, Hidayət  müəllim Kifayət bacımıza anlatdı ki, darıxmasın, belə günümüzün ömrü qısa olacaq.
Sən demə, həmin pulları bizə Hidayət Elvüsal öz ailə büdcəsindən ayırıb - cibindən, halal qazancından verirmiş. Bizi isə müqəddəs “yalan”la “aldadırmş” ki, puldan imtina etməyək. Sonralar İsgəndər bəydən bunu soruşduqda, o gülüb:
-Siz hələ Hidini yaxşı tanımırsız. O, bunu ona görə edib ki, utanmayasınız və pulu mən göndərdiyim üçün alasınız,-deyib qələm  dostumuzu bizə bir az da yaxından tanıtdı...
Məhz elə həmin ağır günlərin biri idi. O zaman indiki kimi, aşkarlıq, demokratik cəmiyyətdə yaşamırdıq. Mətbuat üzərindəki senzura inkan vermirdi ki, həqiqəti olduğu kimi yazasan. Hidayət Elvüsal da sözün necə deyilməsi çəmini taparaq, klassiklərimizin satira-yumor yoluna sadiqlik göstərərək, əvvəllər rubrika kimi istifadə etdiyi “Belə-belə işlər” adlı qəzet buraxmağa başlamışdı. Burada fakt yerində qalırdı, lakin el diliylə, satirik janrda elə deyilirdi ki, sətiraltı mənasını çinovniklər, məmurlar anlamırdılar, ya da bunun bir zarafat olduğunu düşünürdülər.
Bir gün tanınmış şair-publisist, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şamil Dəlidağ  nəşriyyata gəlmişdi. Biz “Kəlbəcər harayı” adlı qəzet buraxmaq istəymizi ona bildirdik. O, bu fikrimizi bəyəndi və üzünü Hidayət Elvüsala tutaraq:
-Bəlkə elə sənin bu qəzetinin iç səhifələrində bizə yer ayırasan, hələlik, “Kəlbəcər harayı”nı yazaq?!
Bu fikir elə, əslində, Hidayət Elvüsala məxsus idi. Odur ki, həmin nömrədə biz səkkiz səhifəlik “Belə-belə işlər” qəzetinin ortadakı (4-5-ci səhifələr) qoşa səhifəsində “Kəlbəcər harayı” adlı qəzet buraxdıq. Qəzetin başlığını isə mən “Sovet kəndi”nin rəssamı, əslən gədəbəyli Buluda işlətdim, həm də təmənnasız.
Bu gün də həmin qəzet Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəsmi orqanı kimi ayda-ildə bir dəfə buraxılır, yəni “Yenilik” qəzetinin kollektivinin hamısı da olmasa, yeni nəsil jurnalistlər orada çalışırlar.
Bütün bunları xatırlatmaqda məqsədim odur ki, Hidyət Elvüsal o ağır günlərimizdə qələmli kəlbəcərlilərimizə arxa-dayaq durmağı unutmayıb. Bəs biz onu unuda bilərikmi? Buna haqqımız varmı?!
Güldürə-güldürə öldürən qələm
Hidayət Elvüsalın jurnalistlik fəaliyyəti ilə xalqa (milyonlarla oxucularına) göstərdiyi xidmət əvəzsiz olub. Hələ bir dəfə də eşitmədik ki, o, hansısa məmurdan qələm haqqı (ona qonorar da deyirlər, hörmət də...) alıb, onu bayağı tərifləyib. Buna yol verməyən Hidayət Elvüsal daim haqqın, ədalətin yanında olub. Onun illərlə səhifələrində dadlı-duzlu atmacaları sevilə-sevilə oxunan “Ədalət”də çalışanda, ondan əvvəl, milyonlarla oxucu olan “Səhər”də qələmini süngüyə çevirəndə də amalı xalqı maarifləndirmək, cəhalət zəncirində boğulanlara nəfəs vermək olub.
Yazıları nə qədər güldürürsə, bir o  qədər də tərbiyəviliyi ilə seçilir. Satira, yumor onun qanındadır,-deyək. Buna inanaq, çünki kiçikhəcmli, minatür yazıları da bunu söyləməyə bizə haqq verir. Bəs onda poeziya dili ilə çəkdiyi haraylar haradan boy verir?
Hidayət Elvüsalın həyatında ömür axar su kimi olsa da, onu yoran, üzən, saatlarla əlini çənəsinə dayaq edib papirosunu tüstülətdiyi yuxusuz gecələri də az olmayıb. Erkən ömür-gün yoldaşını itirib. İki oğul balasına həm də ana kimi, nəvaziş göstərib.
Ömür-gün yoldaşı 20 ildən çoxdur vəfat edib. Bəzilərindən fərqli olaraq, ikinci dəfə ailə qurmaq ağlından belə keçməyib. Bunu özünə ayıb hesab edib. Oğlanlarının hər ikisi də ali təhsillidir. Lakin, özünün də dediyi kimi, adi işlərdə çalışırlar: sürücü və işıq idarəsində.
Demək, bu qədər dostlardan birinə ağız açıb ali təhsilli oğlanlarına layiq olduqları iş istəməyib. Lakin elələri var ki, bu sahədə çalışmağından istifadə edərək, özünə, balalarına karyera qurub...
Halallığı özünə həyat amalı seçən Hidayət Elvüsalın iki oğlundan beş nəvəsi var, maşallah olsun. Nəvələri Yunis (atasının adını verib), Fərid və Fuad 44 günlük Vətən müharibəsində döyüşən igidlərimizdəndir. 44 günlük müharibədə 18 yaşlı nəvəsi medallarla, başqa mükafatlarla təltif olunub. O biri nəvəsi isə bu gün də Xankəndindədir. O da vuruşanlardan biridir. Bir nəvəsi də hərbi xidməti başa vurub. Qocaman jurnalist-publisistimizin nəvələrindən biri də bu gün-sabah Vətənə xidmətə yola düşməyə hazırlaşır və babası bundan qürur duyur.
Hidayət Elvüsal, yoxsa Hidel Kastro Türk?
Hidayət Elvüsalın yaradıcılıq nümunələrindən olan məqalələrinin bəzilərində imzası da oxucunu həm düşündürür, həm də güldürürdü. Vaxtilə Kubanın baş  naziri, dövlət səviyyəsində rəhbəri olmuş Fidel Kastronun Rus ləqəbindən məcazi mənada istifadə edərək, Hidayət Elvüsal özünün türk olduğunu oxucularına belə təqdim edirdi: Hidel Kastro Türk! 
90-cı illərin oxucuları bu imza ilə çoxsaylı maraqlı mövzulara həsr edilmiş satirik yazıların müəllifinin kim olduğunu  xeyli  arayıb-axtarmalı olmuşdular.  Elə oxuculardan biri də bu sətirlərin müəllifi idi. Öyrənəndə ki, həmin imza Hidayət Elvüsala məxsusdur, hörmətli jurnalistimizə  heyranlığım birə-min artmışdı.
Jurnalistika, əlbəttə, ədəbi-bədii düşüncəlilərin  bir arada xalqa çatdırılması üçün vasitə və ya peşə kimi təqdim olunur. Əslində, bu peşəyə elmi baxış olmalıdır. Çünki hər inşa yazan jurnalist kimi formalaşa bilməz. Hidayət Elvüsal kimi jurnalistlər (mən elə bu məqamda müstəqil, azad sözlü, uzun müddət əsl mətbuat məktəbi kimi tanınan “Press-fakt” qəzetinin yaradıcısı, Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açan Məqsəd Nurun da adını çəkməyi özümə borc bildim) öz dəst-xəttini  yazılarında göstərir. Məqalənin sonunda imzası olmasa da, sevimli oxucuları onun Hidayət Elvüsal qələmindən çıxdığını o andaca hiss edir, duyurdu.
Qocalıq, yoxsa, sənətdə ucalıq?
Hidayət Elvüsal həm də poetik dilli qələm sahibidir. Onun illərlə gizli saxladığı (bəlkə də şair qardaşı Sücaətin poeziyasına vurğunluq imkan verməyib ki, o şeiriyyatda da sözünü deyə biləcək qələm adamı olmasını üzə çıxarsın) şeirləri ilə ilk dəfə  “Kəlbəcər: yüz şairin bir kitabı” antologiyasını çapa hazırlayanda bilmişəm. Həmin kitaba şeirlərindən nümunə verməyə belə xəsislik edən Hidayət Elvüsal sonralar sevilən, insanları həm düşündürən, həm də ağladan mahnılar müəllifi kimi də tanınacaqmış.
Mahnılarının diski də çıxıb. YOTUBE kanalında var. Tağı Salehoğludan başqa, Mustafa Mustafayev, Pünhan və digər müğənnilər şairin öz bəstəsi olan “Kəlbəcər” və “Ağlama, gülüm, ağlama” mahnılarını oxuyurlar ki, onların da hər biri əsl sənət nümunəsi kimi sevilir və geniş yayılıb.
Hidayət Elvüsal “qocalır”, amma Dəlidağ kimi ucalır və əlimizi uzadırıq o əzəmətə, vüqarlı, başı qarlı, ətəyi barlı zirvəyə. Şeirlərinin hamısında da bir nisgil, həsrət ritmi, notu var. İlk mahnısı kimləri ağlatmayıb ki? Tağı Salehoğlunun ifasında lentə alınan bu mahnı toylarda təkcə kəlbəcərliləri deyil, yurd nisgilli hər kəsi ağladıb. Necə deyərlər, “anamızı ağladan” şeirləri və onlara bəstələdiyi mahnılar Hidayət Elvüsalın ilahi təbinin məhsuludur, barlı-bərəkətli olsun.
Qocalığı özünə yaxın buraxma, bizim üçün doğmadan-doğma qardaşım, həmkarım, eloğlum. Mənim heç vaxt yadımdan çıxmaz “Azərbaycan” nəşriyyatının giriş qapısında yarızarafat-yarıgerçək söylədiklərin. Heç vaxt da unutmayacağam mənə verdiyiniz dəyəri:
-Məhəmməd, “ay əclaf”, bilirsən səni niyə çox istəyirəm?! Təkcə kəlbəcərli və həm də özünəxas yazı üslubuna görə yox. Kəlbəcərlilərin hansının qələmi varsa, elə  bilirəm ki, onlar da sənin kimi yazar. Sənin onlardan fərqin isə tamamilə bir başqadır.
Nəşriyyatın mühavizə polislərinin komandiri, Laçın rayonundan olan, qartal baxışlı-duruşlu, Qarabağ qazisi Etibar qardaşımıza üzünü tutub fikrini davam etdirdiniz:
-Etibar, mən illərdir ki, bu binada işləyirəm. Özümün də qəzetim və redaksiyam var, bilirsən. Mətbuatda imzamı tanıyanlar var. Həm də bu binada kəlbəcərli təkcə mən deyildim. Burada Məmməd Aslan kimi söz azmanı, dilişirin publisistimiz, “Ədəbiyyat” qəzetində çalışan Adil Cəmil kimi alim, şair-jurnalistimiz var. Məhəmməd Nərimanoğlu isə bura, nəşriyyata 1993-cü ildə Kəlbəcərdən didərgin düşdükdən sonra gəlib.
Etibar qardaşımız onun sözünü “balla kəsib” dedi:
-Ay Hidi, mən Məhəmmədi pis tanımıram ey. Əmioğlu əsl kəlbəcərlidir. Qələminə, yazılarına da hörmət qoyan  dağlar oğludur. Mən də onu çox istəyirəm.
Hidayət müəllim qolunu onun boynuna salıb güldü və məni “qaldırıb dağın başına qoydu”. Ağlıma da gəlməzdi ki, o, mənim yazılarımın oxucusudur. Axı, özünün yaradıcılıq nümunələri onu milyonlara sevdirib. Haradan vaxt tapıb mənim yazılarımı oxuduğundan həm sevindim, həm utandım - bir az qızardım.
O, fikrini davam etdirməyi unutmadı:
-Məhəmməd, bilirsənmi sən bu binaya gələnə kimi bir kəlbəcərli bizim burada olduğumuzu bilibsə də, qapımızı açmayıb, dost-tanışlardan başqa. Amma, ayə, ay tər-təmiz kəlbəcərli, neçə müddətdir ki, mən təkcə sənin yazılarını oxumur ey, həm də burada qazandığın hörməti görür və qürur duyuram ki, kəlbəcərlimizsən! Burada bir “Kəlbəcər ocağı” qalamısan. Nəşriyyata gələn həmyerlilərimizdən savayı, o qədər kənar adam görmüşəm ki, polisə sənin yanına getdiyini bildirir. Heç  polislər də soruşmur ki, ay balam, kimdir bu Məhəmməd Nərimanoğlu?! Nəşriyyatın yiyəsidir ki?! Hansı qəzetin redaktorudur?! Soruşmurlar və qonaqların da birbaşa yanına gəlir. Nədir bunun sirri?! Qələmindən başqa, həm də sən kəlbəcərliliyini qoruyub-saxlamağı bacarmısan. Bu, yaxşı əlamətdir. Bir şey də deyim, unutma. O qəzetlərin səhifələrindəki bir-birindən maraqlı məqalələr var ha! Onları topla, bir kitab elə. Qəzetlərdəkilər bir qalın kitablıq materialdır. Doğru sözümdür, zarafat etmirəm...
Bir neçə dəqiqə əvvəl biz onunla nəşriyyatın kafe-yeməkxansında günorta naharı edib, “boğazımızı da babat yaşlamışdıq”. Düşündüm ki, yəqin içkinin təsirindən zarafat edir. Doğrusu, belə kiçik məclislərimiz son vaxtlar az olmurdu. Bir-birimizi görən kimi “getdik ey, dünya beşgünlükdür, onun da ikisi şənbə-bazara düşür”,-deyib naharımızı birlikdə edirdik.
Bu dəfə də düşündüm ki, içkinin təsirindəndir ki, Hidayət Elvüsal mənə kitab yazmağı təklif edir. Axı, məqalələrdən də kitab olar? Bunu düşünüb, xatirimə dəydiyini gizlədib dedim:
-Ay Hidayət müəllim, mən Kəlbəcərdəki redaksiyada işləyərkən kitab yazmışam, həm də Sevimli şairimiz Əli Qurban Dastnçının (Allah rəhmət eləsin!)  məsləhəti və redaktorluğu ilə. Kitab yaza bilmərəm ki, məqalələrimi toplayıb çap etdirim?
Bunu eşitcək o, gülümsündü və məni qoltuqlayıb, baş redaktoru olduğu, nəşriyyatın elə birinci mərtəbəsindəki “Kriminal” qəzeti redaksiyasına apardı. Çay içə-içə qayıtdı ki:
-Sən məni bəlkə düzgün anlamadın, ayə! Mən zarafat-zad eləmirəm. Heyfdir o yazdıqların, tarixdir, həm Qarabağın, həm də Kəlbəcərin beşillik mühasirə və işğal olunduğu günlərin acı mənzərəsidir. Niyə kitab olmur? Bəs məqalələr toplusu olan müəlliflər tanımırsan ki?!
Bundan sonra o, məni hərtərəfli başa saldı. Mən 4-5 il ərzində ayrı-ayrı qəzetlərin səhifələrindəki məqalələrimi toplamaqla bir-iki kitablıq materialın olduğunu gördüm. Bəli, bu gün çoxlarının oxuduğu və  Birinci Qarabağ müharibəsinin şəhidlərinin nakam ömürlərindən bəhs edən “Dağların sinə dağı”, “Yurd göynərtisi”, “Ümid işığı”, “Ağdaban faciələri”, “Qanlı köynəklər”, “Qiyamətə qalan qisas”, “Kəlbəcər-Azərbaycanın qala qapısı”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” və s. kitablarım işıq üzü gördü. 
Həmin gün Hidayət Elvüsalın mənə tövsiyəsi ilə qələmə aldığm kitabların sayı (çap olunub-olunmayanlarla birlikdə) 30-a yaxındır. Bu işlərdə mənə doğru yol göstərdiyi üçün ilk kitabımın redaktoru olmuş Əli Qurban Dastançıya və  Hidayət Elvüsala ömrüm boyu minnətdar olmalıyam. Elə Əli Qurban Dastançıdan da yazmaq istədiklərim ürəyimdə qalıb. Onun haqqında da yazmaq asan deyil. Bu xəzinə sahiblərinin söz mülkündən nəinki bir məqalə, cild-cild kitablar yazılmalıdır. Çünki ədəbiyyatımızı bu gün “elə günə salanlar var ki...).
“Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar...”
Hidayət Elvüsalın qəlbi və şeirləri dumdurudur-bulaq suyu kimi. Az yazır, təmiz yazır. O, yaxşı bilir ki, Ulu Nizamimiz demiş: 
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Hidayət Elvüsal məhz bu klassik deyimi nəzərə alıb, az sözlə çox böyük mətləblər qandıran məqalələr müəllifidir. O, yalnız publisistikada deyil, poeziyada da öz sözünü elə deyir, bilirsən ki, bu qan ağlayan misralar ona məxsusdur. 
Kəlbəcər həsrəti Hidayət Elvüsalın poetik yaddaşından süzülən bu ağlargözlü misralarda açıq-aydın görünür. “Kəlbəcər” qoşmasına bəstələdiyi mahnı da elə bu ritmdədir. Məhəbbət Kazımovun “Laçınım, Laçınım, Laçınım mənim...” mahnısına qol götürüb oynayanlar unudurlar ki, bu, oyun havası deyil, haraydır, dərddir. Dərdə qol götürüb oynayanlar havalanmış hesab edilirlər. Hidayət Elvüsalın “Kəlbəcərim” mahnısına, şükürlər olsun ki, toyxanalarda oynayanı görməmişik. Tağı Salehoğludan sonra Əməkdar artist Babək Niftəliyevin ifasında səslənən mahnıya, musiqiyə oynamaq olarmı? Adam göz yaşlarını saxlaya bilmir:
Nə zamandır  toy-büsatı qurulmur,
Bulaqların göz yaşları durulmur.
Qartalları göy üzündə qıy vurmur,
Yad əllərdə əsir olan Kəlbəcər.
Lalə, nərgiz saçlarını yolurmu,
Bənövşələr böynubükük solurmu?
Bu ayrılıq bir bu qədər olurmu,
“Oğul!”-deyib, haray salan Kəlbəcər?!
Sənin adın dodağımda bal dadır,
Xəyalımda bir köç gedir, yoldadır.
Elvüsalın el-obası hardadır,
Həsrət gözü yolda qalan Kəlbəcər?!
Mən Hidayət Elvüsalın yaradıcılığını saf-çürük etməkdən çox uzağam. Sadəcə, ilk növbədə peşəkar jurnalist olan şair-bəstəkarın qələmindən və qəlbindən axan söz bulağı gözüyaşlı, başıdaşlı, itirdiyi yurdla bağrı-badaşlı anaları xatırladır. Belə anaları görüdkdə nə hala düşürsə, insan oğlu onun şeirlərini oxuyanda, mahnılarını dinləyəndə eynən həmin halı yaşayır. “Apar məni o yerlərə” rədifli gəraylısında  nümunəyə baxaq:
Ürək daha dözə bilmir,
Apar məni o yerlərə.
Könlüm həsrət, üzüm gülmür,
Apar məni o yerlərə.
O dağların zirvəsinə,
Bulaqların nəğməsinə,
Həsrətəm elin səsinə,
Apar məni o yerlərə.
Uzaqda bir ev görünür,
Dörd yana duman sürünür.
Çəmənlər çənə bürünür,
Apar məni o yerlərə.
Bu da bir taixi əlamətdar gün - 28.06.2019
Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə daha çox onun qələminin məhsulu olan felyeton, pamflet, eləcə də digər janrlardakı yazılarının ədəbi-bədii və publisistik keyfiyyətindən danışılıb.
Yubiley tədbirini  “Xalq qəzeti”nin baş redaktoru (tədbir keçiriləndə o, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı idi-M.N.) Əflatun Amaşov açaraq, Hidayət Elvüsalın yaradıcılıq keyfiyyətlərindən bəhs edib: “Ötən əsrin 90-ci illərində ən populyar qəzetlərdən olan “Səhər”in çox satılmasının və oxunmasının bir səbəbi oradakı operativ və dolğun informasiyalar idisə, digər bir səbəbi onun səhifələrində demək olar ki, hər gün dərc olunan “Belə-belə işlər” rubrikası idi. Həmin rubrikanın müəllifi isə Hidayət Elvüsal idi”.
Tədbir iştirakçılarından “Səhər”in redaktoru, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə qələm dostunun istedad və yaradıcılığının böyük rəğbətlə qarşılandığını söyləyərək deyib: “O vaxt oxucuların düz sözə, həqiqəti əks etdirən yazılara ciddi ehtiyacı vardı. “Səhər”in oxucuları Hidayətin haqq sözünə inanmışdılar. Hətta Xalq şairi Bəxtiyar Vahabzadə bir gün mənə zəng edərək onun yazılarını çox böyük maraqla oxuduğunu bildirdi və onu “müasir dövrümüzün Mirzə Cəlili” adlandırdı...”
Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov Hidayət Elvüsalın yaradıcılıq məziyyətlərindən, publisist kimi üstün keyfiyyətlərindən, bir yerdə işlədikləri dövrdəki fəaliyyətindən danışıb.
Qələm dostları adından çıxış edən Fazil Güney, Maral Poladova, Akif Cabbarlı, Əlipənah Bayramov, Rafiq Hacıyev, Tahir Aydınoğlu, iş yoldaşlarından Rizvan Hilaloğlu, Sənubər Əkbərova və başqaları Hidayət Elvüsalın qələmindən çıxan müxtəlif janrlı yazıların gənc jurnalistlər üçün örnək, yaradıcılıq məktəbi olduğunu qeyd ediblər. 
Son illər həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Hidayət Elvüsalın “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən buraxılan “Kəlbəcər” adlı mahnılar toplusu da mərasim iştirakçılarına təqdim olunub.
Həmkarları, qələm dostları və iş yoldaşlarının iştirakı ilə keçirilən yubiley tədbirində ona Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Birliyinin xatirə hədiyyəsi olan qol saatı təqdim edilib.
Sonda Hidayət Elvüsal çıxış edərək, ona göstərilən diqqət və qayğıya görə, həmkarlarına və yubiley tədbiri iştirakçılarına minnətdarlığını bildirib.
HİDAYƏT ELVÜSALIN ÜSYANI
“...Ruslar erməni sürüsünü, az qala, hər gün Kəlbəcərə daşıyır. Güya, kilsəni ziyarət edirlər. O kilsəni ki, haylara qətiyyən dəxli yoxdur, qədim alban abidəsidir...”
Bu   fikirlər Əməkdar jurnalist Hidayət Elvüsala məxsusdur. Ermənilərin Kəlbəcərdəki bütün madi-mədəniyyət və dini abidələrimizi saxtalaşdıraraq özününküləşdirməyə, kəlbəcərlilərin isə işğaldan azad edilsə də, ora “portal”la, həm də  təsərrüfatla bağlı icazə verilməsinə münasibət bildirərkən deyib. Qocaman qələm sahibi olan Hidayət Elvüsal daha sonra bildirib ki, bunu adət şəklinə salmaq, bizi də indidən bu erməni gəliş-gedişinə alışdırmaq istəyirlər: “... Həyasız düşmən Ermənistana bir yolun da məhz Kəlbəcərdən keçməyini tələb edir. Rus oynaşları da bunun üçün ciddi-cəhdlə çalışır...”
H. Elvüsal fikirlərində göstərir ki, amma biz indi heç olmasa, qrup şəklində doğma yurda gedə bilmirik: “... Kəlbəcər həsrətilə dünyasını dəyişənlər var. Kütləvi qayıdışa qədər heç olmasa, yaşlılara imkan yaradılmalıdır ki, o yerləri görsün, havasını yenidən udsun, bir qurtum suyunu içsin, gülünü-çiçəyini qoxlasın. Doğrudanmı bu çətin məsələdir ?
Bu turist səfəridir, ata-baba yurduna niyə belə getməliyik? - deyənlər olacaq. Bəs neynəyək? Hələlik, heç olmasa, yaşlılarımıza belə şərait yaradılmasını tələb edirik. Bu işlə Kəlbəcər Rayon İcra Hakimiyyəti məşğul ola bilər. Sadəcə olaraq məsələni səlahiyyətli orqanlar qarşısında qaldırmaq lazımdır.
Axı, yurd həsrətli yaşlılarımız indi daha həyacanlı, daha səbrsiz olublar. Son günlər məhz bu səbəbdən dünyasını dəyişənlərimizin sayı artmaqdadır. Bu, həyacan təbilidir!
Yurdumuza heç olmasa, yaşlılarımızın baş çəkə bilmələri, hələlik, mümkün deyilsə, o erməni sürüsü nədən Kəlbəcəri “su yolu”na döndərib?”
Kəlbəcər adına ucalıq gətirən imza 
Dalidag.az saytından tanıdığımız şairə Sevinc Qəribin yazısında deyilir: “İqlimin, torpağın qoynunda yurd salan insanlara birbaşa təsirini o məkandan boy göstərən istedadlara rəğmən təyin etmək çox da çətin deyil, məncə. Tanrı qələminin bütün rəng çalarında dünyanın ən gözəl məkanlarını süstlənən, görənlərin gözünü oxşayan, könlünü ovsunlayan əsrarəngiz təbiətli Kəlbəcərin yetişdirdiyi ədəbiyyat, elm və digər sahələrdə nailliyyət, uğur qazanan istedadlı insanlar dediklərimə bariz nümunədir. Ədəbiyyatda olduğu kimi, jurnalistikada da istedadı, iti qələmi, kəsərli sözü, əqidəsi ilə Kəlbəcər adına ucalıq gətirən sanballı imzaları var Kəlbəcərin. Sadaladığım keyfiyyətləri özündə birləşdirən, əslində, xüsusi təqdimata ehtiyacı olmayan Hidayət Elvüsal imzası var jurnalistikamızda. 27 ildir Kəlbəcərsizlik qələminin "dadı"nı dəyişsə də, sözünə, özünə, peşəsinə sadiqdir Hidayət Elvüsal. Yurd həsrəti, torpaq dərdi, Sücaət boyda itkinin ağrılarına dözmək düşüb qismətinə... 
Qüdrətli sözün hökmündə dəyişməz missiyası ilə dərdə güc gələn Hidayət Elvüsalın doğum günüdür”.
Müəllif fikrinin sonunda hörmətli yubilyarımızı belə təbrik edir: “Dalidag.az olaraq, dəyərli ziyalımız Hidayət Elvüsalı doğum günü münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və yaradıcılıq uğurları diləyirik. Kəlbəcərə qovuşmaq, Qələbə nəğməsinin müəllifi kimi yurd yerində təbrik etmək arzularımızın ümdəsidir”.
Ata  Millət,  Ana  Millət,  ağlama
1992-ci ildə Hidayət Elvüsalın qələmindən çıxan bir qəm notlu, lirik-epik duyğulu publisitik yazıya yenidən nəzər yetirək
...Dərd içində qovrulan Məmməd Araz titrəyən əlləri ilə Qarabağdan perik düşmüş balaları qucaqlayanda, Rauf  bu təkrarsız anı lentə aldı. Məmməd Araz sanki balaları qucaqlamadı, Azərbaycan boyda dərdi sinəsinə basdı:
            Pəncərəni külək döyüb ağlasa,
            Eyvanına quşlar qonub ağlasa,
            Ürəyini nalən yonub ağlasa,
            İçində yan, ağı deyib ağlama,
            Ağlamağın yeri deyil, ağlama!
Ata nəvazişinə, ana sığalına həsrət körpələr Məmməd əmiyə sığındılar. İsti od-ocaqlarından uzaq düşəndən bəri bəlkə də ilk dəfə bu an, məhz bu an kövrəkliyə bələnmiş bir xoşbəxtlik duydular: bizim atamız var, arxamız, torpağımız, xalqımız var:
Bu döyüşdü - əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var.
Burda “bizik”, nə “mən” vardı, nə “sən” var.
Yox, ağlama, ana millət, ağlama,
 Qorxuram ki, sına millət, ağlama.
O körpənin məhzun baxışında Məmməd Araz ürəyi çırpındı, Məmməd Araz qələmi yazdı. Yuvası dağıdılan bu körpələr şair ürəyində, ata istisində ovunası bir söz, bir misra axtardılar. Axtardılar və tapdılar:
            Əyilməkdir ağlamağın tərs üzü,
            Dərdi dartıb üzməyəni dərd üzür,
            Ağlayanı tez də tapır dərd-hüzür...
             Bəlkə belə Tanrı yazıb, ağlama,
            Səsini boğ, millət qızı, ağlama.
Bir döyüş havası qalxdı, Xətai qılıncı sıyrıldı şair misralarından. “Ağlamağın yeri deyil”,-dedi şair. Baxışlarını körpələrdən çəkib, üzünü bütün Azərbaycana tutdu:
            Bu torpağın son qurbanı mən olsam,
            Öz odumda yanıb külə tən olsam,
            Eldən ötən güllələrə dən olsam!
            Ata millət, “öldü” deyib, ağlama,
            Ağlamağın yeri deyil, ağlama.
   Sən də ağlama, Məmməd əmi. Sən Allah ağlama! Sinənə sığınmış körpələri şerinlə, sözünlə ovundur...”
Dağılmaz Dədə Şəmşir OCAĞI
Hidayət Elvüsal yazır ki...
Azərbaycanın bölgələri müqəddəs insanlarla, yəni ağır seyidlərlə, pirlərlə, ocaqlarla tanınır. Kəlbəcər isə DƏDƏ ŞƏMŞİR AİLƏSİ - OCAĞI İLƏ tanınıb. Tər-təmiz həyatı, sənəti, hətta vücudu ilə müqəddəs bilinən Şəmşir kişinin ocağına kim üz tutmayıb? Böyük Səməd Vurğundan tutmuş, Məmməd Araza, Zəlimxan Yaquba, Əli Vəliyevə, Səyavuş Sərxana... kimi az qala, bütün Azərbaycan məşhurları, söz adamları onun görüşünə gəlib.
Bu OCAQ Kəlbəcər camaatı ücün müqəddəs ünvan olub. Bu ailənin bütün üzvləri yalnız xeyirxahlıq ediblər. Təsəvvür edin, Şəmşir kişi o qədər müqəddəs olub ki, camaat onu uşaq məzarlığında, yəni günahsızlar arasında dəfn eləyib. Məmməd Aslan sağlığında o məzarlığı həmişə yad edərdi.
Kəlbəcərdə məhz Şəmşir kişinin təsiri ilə Bəhmən, Ənvər, Məmməd, Cücaət, Adil, Dəmirçi Abbas, Şamil, Mehdixan,Yusif, Elşən, Ələmdar... yüzlərlə qələm əhli yetişib.
Bütün bu və başqa məziyyətlərinə görə, DƏDƏ ŞƏMŞİR ÜNVANI MÜQƏDDƏS OCAQ kimi tanınıb. O ocağa, o ocağın hər hansı üzvünə qara yaxmaq, ünvanına xoşagəlməz söz söyləmək, hərəkət etmək namərdlik, nakişilik, alçaqlıq sayılıb. Ermənilər bu OCAĞA zülm ediblər – ERMƏNİIƏR, yəni KAFİRLƏR.  Camaatı qoca, qadın, uşaq demədən qırıb, kəndə - Ağdabana od vurublar, insanları diri-diri o odda yandırıblar: qəsdən, müqəddəs olduğunu bilə-bilə, Azərbaycan xalqının sinəsinə dağ çəkmək niyyəti ilə. 
Sən demə... Dədə Şəmşirin qızını, ciyərparasını namərdcəsinə pusqu quraraq qətlə yetirən ermənilərin əməllərini başqa cür davam etdirən kafir, şərəfsiz, namərd, nankor biqeyrətlər də varmış. O müqəddəs ocağa ləkə yaxmağa çalışan... (əgər bu yazıda söhbət o müqəddəs ocaqdan getməsəydi, söyüş arsenalımdan gen-bol istifadə edərdim-H.E. ) gədə-güdələr varmış. O ocağın insanına küfr etmək bütün kəlbəcərlilərin ünvanına yönəlmiş qəsddir .Ay...(ən azı, şərəfsizlər) ora-bura qaçıb, bizə hürməyin, kişiliyiniz varsa, buralarda söyləyin. Ermənilərin kölgəsində yallanıb, zingildəməyin.
Unutmayın, nə qələt qırsanız da, o OCAQ müqəddəsliyini itirməz, əksinə, inancımızı daha da artırır və...
İnanın, günlərin birində cəzanızı alacaqsınız - ya Yaradandan, ya dövlətdən, ya da millətdən!
Siz uzaqda olsanız da, o gün uzaqda deyil!
Deyilənlər gəldi başa...
Hidayət Elvüsalın illər öncə yazdığı kimi, o gün uzaq deyildi. Əsrlər çəkmədi. Əsgər libaslı ərən igidlər düşmənlərimizə öz layiq olduqları yeri göstərdilər! Qarabağ, o cümlədən Şuşa... Kəlbəcər də azad edildi. Cəmi 44 günlük Vətən müharibəsi ilə Kəlbəcərə gedən yolumuzu açdıq, yolağamızı yalaqlardan təmizlədik.
Deyirlər ki, qəlbi  İlahi sözlə  silə olanlar zamanları qabaqlayırlar: Nizamimiz, Füzulimiz, Sabirimiz, Mirzə Cəlilimiz, H.B.Zərdabimiz kimi. Onlar yüz illər qabağı görən dühalarımız kimi bugünümüzdən narahat olublar. Sabahımızın daha işıqlı, nurlu olması üçün qələmlərini süngüyə çeviriblər, elə Hidayət Elvüsal da ulularımızın açdığı ədəbi irs yolunda  müdrikcəsinə addımlayan biri kimi tanınır, sevilir, az-az yazdıqları ürəklərə dağların, bulaqların suyu kimi, sərinlik gətirir. Nə gözəl xəbər ki, Qarabağımızın, o cümlədən Kəlbəcərimizin işğaldan azad edilməsində Hidayət Elvüsalın nəvələri də iştirak ediblər. Bu, nəvələrin babalara ən böyük hədiyyəsi, töhfəsidir.
Hidayət Elvüsal vüsalına qovuşan şair-publisistdir. Onun ömür-gün dostundan sonra yetişəcəyi bircə vüsalı var idi Kəlbəcər adlı...
Qələminizə, Sözünüzə həmişə  ehtiyacımız var, ustad! Vaxtilə mənə göstərdiyiniz haqq-ədalət yolu ilə gedib, 30 ildir ki, yataqxana həyatına “alışsam” da, Kəlbəcərə dönməyə yaradanımızdan umacağım, diləyim var. Tanrı bizi uşaqlıq və gənclik illərimizə qovuşdursun baba yaşımızda. Gözlərimiz sevinc yaşları axıtsa da olar.
Əziz qardaşım, elimizin söz sərrafı, Sücaət ünvanlı, Kəlbəcər sevdalı Hidayət Elvüsal, bu yazıma nöqtə qoymağa əlim gəlmir, baxmayaraq ki, uzun-uzadı oldu. Oxucunu yormasın deyə, onu hissələrə bölürəm. İstəyirəm ki, sizə oxşayım, kiçik yazıda  böyük mətləb olsun. Nə bacardımsa onu da yazdım. Yazmaq istədiklərimin mində birini qələmə aldım. Gecənin bu aləmində sizdən məsləhət ala bilmədim. Ötənlər - ömrümüzdən itənləri, gözlərimizdə bitənləri dilə gətirməyə çalışdım, amma mən deyən alınmadı. Ona görə də bu dərd yumağını sarıyıb burada saxladım.
Xəyalım dolanır, fikrim perikir,
 Ruhum o dağlara uçur bu gecə. 
Yuxum ərşə qalxıb ah-nalə kimi, 
Sinəm dərd-sərini açır bu gecə.
Qələminə qüvvət, dilinə qurban,                         
Yurddan perik düşən elinə qurban.                             
Solan çəməninə, gülünə qurban,                                            
Dərdlərim üstümə qaçır bu gecə...
Kəlbəcər qışda da gülüstan idi,                                          
Bu hüsnü dillərdə bir dastan idi.                                        
Məhəmməd, bir barlı bağ-bostan idi,                                             
Talanıb, dağılıb uçür bu gecə.

 
Məhəmməd Nərimanoğlu,                                                                                                                                                                                       "YENİLİK-PRESS" qəzetinin təsisçisi və baş redaktoru

Digər xəbərlər
XƏBƏR LENTİ