Səhər qəzeti

Qəlblərdə yaşayan istedadlı alim və şəxsiyyət

Tarix:10-10-2024, 16:05
Baxış Sayı:3

Dünyada elə insanlar var ki, onlar  bütün qəlbi ilə bu və ya digər sahəyə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə  onların bu zəhməti  böyük bir cərəyanın, məktəbin əsasını təşkil edir. Bu mənada Azərbaycan öz ziyalıları, alimləri ilə sözün həqiqi mənasında öyünə bilər. Biz belə insanları daim xatırlamalı, onları təbliğ etməli, gənc nəslə tanıtmalıyıq. Və əlbəttə ki, bizi fərəhləndirən əsas məqam odur ki,  bu ziyalı həm də qadındır və o, elə bir məsələnin təməlini qoyur ki, illər sonra bu problem dünyanın aktual mövzusuna çevrilir.

        Müasir dövrdə, qloballaşma şəraitində dünyanı düşündürən məsələllərdən biri də ortaq mənəvi dəyərlərin yaranmasıdır. Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşı­lıq­lı təsiri və əlaqələri əsas yer tutmuşdur. Onun elmi fəaliyyətində sivilizasiyaların yeni inkişaf mər­hələsinin mədəni təməlini formalaşdıran amillər hazırda müasir dünya elmini dü­şün­­dürən problemlərdəndir. Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. 

       Bu gün, ölkəmiz də mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Məhz bu baxımdan Aida İmanquliyevanın yaradıcılığı çox dəyərlidir.

     Aida İmanquliyeva bu sahənin tədqiqini davam etdirərək bir neçə qiymətli əsər yaramışdı. “Qələmlər birliyi və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran”, ”Yeni ərəb ədəbiyyatı korifeyləri” kimi dəyərli əsərləri ilə  qərblə şərq arasında  mövcud olan bu körpünü daha da möhkəmlətdi.

    Şərqşünaslıq tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual qadın obrazı canlanır. Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünovrəsini qoyanlardan biri olub, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olub.

     Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olub. Bəlkə də elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.

      O, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. Aida İmanquliyeva Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru, professor idi.  O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri  olmuşdu.

        Aida İmanquliyeva elmi-təşkilatı fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulayıb. O, qeyd edirdi ki, Aida xanım həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Onu tanıyanlar Aida xanımın böyük zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir alim olduğunu yaxşı bilirdilər.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov isə öz tələbə yoldaşı haqqında bu fikirləri bildirmişdir ki, Aida İmanquliyeva tədqiqatında ana yurdundan mühacirət edən, əksəriyyəti Amerikada məskunlaşan, öz dilini, mədəniyyətini qorumağa və təbliğ etməyə çalışan ərəb ziyalılarının həyatını, fəaliyyətini işıqlandırıb: “Ərəb xalqının o dövrkü ictimai-siyasi cəhətdən ağır məhrumiyyətlərə məruz qalmasını, cəhalətdən yaranmış faciələri və itkiləri ürək ağrısı ilə qələmə alan bu ziyalıların fəaliyyəti onun 3 monoqrafiyası ilə, məqalələrində dolğun səkildə öz ifadəsini tapmışdır.

      O, çoxsaylı elmi əsərlərində (3 monoqrafiya, 70-dən çox elmi məqalədə) Şərq və Qərb ədəbi-mədəni əlaqələri, ərəb ədəbiyyatında mövcud olan mühacir (məhcər) ədəbiyyatının inkişaf tarixi, ədəbi prosesdə baş verən janr, forma, metod təkamülünü analitik təfəkkür prizmasından keçirərək təhlil edib. Aida xanım tədqiqatları davam etdirərək dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinə toxunur, dünya ədəbiyyatının müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini müəyyənləşdirir. O, aktiv bir vətəndaş-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə ümumittifaq Koordinasiya Şurasının üzvü idi. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Hamburqda, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir.

          Aida İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun  Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ədəbi, ictimai-siyasi fikir sistemlərini, ideya axınlarını, onların mənşə və mahiyyətini, tətbiq səviyyələrini çox dərindən bildiyi məlum olur. Onun elmi fəaliyyətinə və ərəb xalqları ilə, Şərq-Qərb elmi əlaqələrinin genişlənməsi, həmçinin digər mədəni əlaqələrinin inkişafı yolundakı fəaliyyətinə  dövrünün ən məşhur alimləri Ziya Bünyadov, İosif Bradinski, Anna Dolinina, Valeriya Kripçenko, Rüstəm Əliyev kimi dünya şöhrətli şərqşünaslar yüksək qiymət vermişlər. Göründüyü kimi  Aida İmanquliyeva elmin zirvəsini fəth edincə uzun və şərəfli bir yol keçmişdi. Mənsub olduğu nəslin nüfuzundan əsla istifadə etməyərək bu yolu öz əməyi ilə qət etmişdi. Bu gün onun şərqşünaslıq elmi üçün yetişdirdiyi onlarla tələbəsi və saysız-hesabsız xeyirxah əməlləri yadigar qalır. Ərəb məhcər ədəbiyyatının, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, Əmin ər-Reyhani, İlya Əbu Mazi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə, etiraf edirlər.

      Məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.

       Xalq şairi Bəxtiyar Vahabzadə də xatirələrində Aida İmanquliyevanın elmi fəaliyyətini yüksək qiymətləndirib: “Mən Aida xanımla əsərləri vasitəsilə tanış olmuşam. Onun yaradıcılıq yolunu səhifələyərkən gözümüzün önündə sistemli, problemin məntiqi konturlarını aydın sezən, elmi təfəkkürü ilə bədii təfəkkürü harmoniya təşkil edən mədəni-intellektual qadın obrazı canlanır. Bu yüksək intellektə, mənəvi-əxlaqi kamilliyə malik, erudisiyalı, yaradıcı Azərbaycan xanımı həm də mənəviyyat simvolu idi. Daxili aləminin zənginliyi, zəkasının itiliyi və zahiri gözəlliyi tam harmoniya təşkil edirdi”.

      Xalq yazıçısı Elçinnin Aida xanım haqqında söylədiyi fikirlər öz qəribəliyi və müdrikliyi ilə seçilir: “Elə insanlar var ki, haqq dünyasına köçərkən, elə bil, hərarətlərini, təbəssümlərini, qayğılarını bu dünyada qoyub gedirlər, bəlkə də, o hərarəti, təbəssümü, o qayğını, sadəcə olaraq, özləri ilə apara bilmirlər, çünki yaxınlarını, əzizlərini bu dünyada qoyub gediblər və heç olmasa, yaxınları, əzizləri o hərarətdə azacıq da olsa, qızınsınlar, o təbəssüm onların içində tamam boş qalmış yaralı yerə azacıq bir işıq saçsın, o qaygı yüngül bir meh kimi həmisə onların üstündən ötsün. Mənə elə gəlir ki, Aida İmanquliyeva da haqq dünyasına vaxtsız köçüb getmiş o insanlardan biri idi və mən başa düşürəm, olsun ki, bu hissiyyatda bir mistika var, amma mistika nədir - hissiyatın ifadəsi deyilmi?” Tanınmış alim Vasim Məmmədəliyev isə inun zəngin elmi fəaliyyəti ilə yanaş insani keyfiyyətlərini önə çəkərək qeyd edird ki,  “Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aidanı xoş saatında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal kimi məşhur yazıçının, alimin və pedaqoqun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünya şöhrətli alimlə, səmimi bir dostla bağlamış Aida xanım elə bu cür də olmalı idi.

Aida evinin əsl xanımı idi. Ona səliqə-sahmanından qalmayan yüksək zövqlü xanımlıq da, önlük taxıb ev işlərində çalışmaq, mətbəxdə yemək hazırlamaq da çox gözəl yaraşırdı. Əli duzlu, özü də cəld idi. Beş dəqiqənin içində gözəl süfrə açar, bişirdiyi yeməkləri səliqə ilə onun üstünə düzər, arada nəvələrinə qulluq göstərər, telefona cavab verər, şirin zarafatlarından da qalmazdı. Mən onun bu qədər işi eyni vaxtda tez görə bilməsinə sözün həqiqi mənasında təəccüb edərdim.Aida İmanquliyeva həddindən artıq əliaçıq adam idi. Mən onun neçə-neçə kasıb tələbəyə əl tutduğunun, neçə-neçə xəstəyə tapılmayan dərmanlar tapdığının, bununla da onları ağır dərddən xilas etdiyinin şahidiyəm”.

        Bu böyük insanın çoxşaxəli, zəngin  irsi təkcə onun yaradıcılığına aid olmayıb, eyni zamanda həm də ailəsinin, övladlarının varlığında yaşayır. Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi. Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradııcısı, akademik, hörmətli Arif Paşayavlə bərabər böyütdüyü qızları M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz xanım Paşayeva və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Respublikanın Birinci vitse-prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyeva  bu gün vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları,  hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Aida xanımın böyük qızı Nərgiz Paşayeva anası haqqında dediyi fikir bir övladın yaşadığı ağır itkinin acısı və bir alimin digər alimin şəxsiyyətinə verdiyi dəyərdir. Nərgiz xanım qeyd edir ki,: O,(yəni Aida xanım) goründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz".  Mehriban  xanım Əliyeva isə Aida xanımım onun bir şəxsiyyət kimi yetməsində, kamilləşməsində rolundan bəhs edərək, bildirib ki,: Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi.

      Onu da deməliyik ki, bu gün Aida xanımın arzu və əməlləri Nərgiz xanım Paşayevanın, xüsusilə, Mehriban xanım Əliyevanın timsalında  əzmlə davam etdirilir. Bu gün biz fəxrlə deyə bilərik ki, Aida xanım İmanquliyevanın ailə ənənələri bu gün onun nəcabətli övladlarının timsalında yaşayır və nəsildən-nəslə keçərək əbədilik qazanır.

      Həyat sınaqlardan ibarətdir. Kim  bu sınaqlardan şərəflə çıxırsa bax, əsl insan da odur. Belələrinə Allah hər iki dünyada əbədi səadət bəxş edir. Aida İmanquliyeva da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Ədəbiyyatçı, şərqşünas, alim, tərcüməçi, ən əsası isə xeyirxah insan. Onun  həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu, lakin zaman göstərdi ki, böyük alim və insan, zamanı qabaqlayıb özünəməxsus ideyaya  və onu ifadə etmək qabiliyyətinə, elmi düşüncəsinə görə yeni əsrin adamı ola bilir və yaddaşlarda əbədi yaşayır. 

 

  Ailə, Qadın və Uşaq Problemləri üzrə

 Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru,

 professor Hicran Hüseynova


Digər xəbərlər
XƏBƏR LENTİ