Səhər qəzeti

Tehran üçün “qisas tələsi” – İsraillə müharibə İrana fəlakət vəd edir

Tarix:8-08-2024, 14:25
Baxış Sayı:3

 

Fələstinin radikal HƏMAS hərəkatının siyasi qanadının lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra Yaxın Şərqdə gərginləşmə pik həddindədir. İran paytaxtında qonaq olan bir siyasətçinin qətlində İsraili günahlandırır və “qisas” sözü verib. İsrail isə müdafiə tədbirlərini görməkdədir.

Bununla yanaşı, beynəxalq aləmdən İrana çağırışlar edilir ki, eskalasiyaya gedilməsin. İrandakı bəzi qüvvələr isə bu çağırışlara məhəl qoymur, “qisas vaxtı” barədə müxtəlif bəyanatlar səsləndirirlər.

Bu arada, Fələstin lideri Mahmud Abbas İsraillə danışıqların tərəfdarı olduğunu, amma İsrailin Qəzza zolağında əməliyyatları dayandırdıqda mümkün olduğunu bəyan edib. Abbas bildirib ki, Fələstində milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələr Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra başlayacaq. Fələstin lideri qeyd edib ki, HƏMAS hərəkatı milli barışıq şərtlərini qəbul edərsə, Qəzzada müharibə başa çatdıqdan sonra milli birlik hökumətinin formalaşdırılması üzrə planlaşdırılmış məsləhətləşmələrə başlanılacaq.

Onun sözlərinə görə, artıq 3 aydır ki, Fələstinin siyasi qruplaşmalara aid olmayan peşəkar kadrlarından formalaşmış texnokratik hökumət fəaliyyət göstərir. Abbas vurğulayıb ki, hazırda Fələstin hakimiyyəti üçün prioritet İsrailin Qəzza zolağına təcavüzünə son qoymaqdır.

Bundan əvvəl Abbas bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli yolu beynəlxalq qətnamələrə əsaslanan siyasi həll yoludur, İsrail isə münaqişəyə son qoymaq üçün sülh yolundan imtina edir. Abbas həmçinin bildirib ki, Qəzza zolağı qanuni Fələstin hakimiyyətinin nəzarətinə verilməlidir.

HƏMAS isə istənilən danışıqları rədd edir. Belə bir vəziyyətdə Yaxın Şərqdə gərginliyin səngiyəcəyinə ümidlər azalır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Sədrəddin Soltan bildirib ki, vəziyyətin daha da gərginləşməsinə səbəbn İsmayıl Haniyənin Tehrabnda qətli oldu:

- Haniyə haqqında hansı fikirlər səsləndirilməsindən asılı olmayaraq, o, HƏMAS-ın siyasi qanadının lideri idi və dünya bunu tanıyırdı. Həm də, Haniyə HƏMAS daxilində İsraillə danışıqlar aparmaq istəyən, sülhə tərəfdar olan qrupun başçısı idi. Bununla yanaşı, Haniyə radikal bəyanatlar versə də, danışıqlar prosesini kordinasiya edən şəxs olub. Qəzza sektorundakı HƏMAS lideri Yasin Sərifər bildirir ki, xaricdə olan HƏMAS liderlərinin qrupun adından danışmağa haqqı yoxdur. Amma Haniyə Qətərdə HƏMAS adından danışırdı. Məsələ burasındadır ki, HƏMAS-İsrail müharibəsi adi qruplaşma ilə bir dövlətin müharibəsi deyil, o həm də Yaxın və Orta Şərqdə maraqlar savaşıdır. İsrailin arxasında dayanan güclər var, HƏMAS-ın arxasında dayanan güclər var. Bu güclərin regiona hakim olmaq mübarizəsi min ildən çoxdur davam edir. O mübarizənin davamı HƏMAS-İsrail müharibəsində təzahür edir. Bölgədə qarşıdurmanın marağında olan güclər var ki, bunu səngiməyə qoymurlar. Hazırda da bu vəziyyət davam edir.

- Bu gərginlik nə qədər davam edəcək?

- Dediyim kimi, min ildir bu mübarizə davam edir. Zaman-zaman səngimə olub, zaman-zaman münaqişə aktivləşib. HƏMAS İsraili yer üzündən silmək, Fələstin ərazilərini bərpa etmək istəyir. Bu, İranla eyni siyasi xəttir. İsrail isə Fələstindəki radikal qüvvələri məhv etmək, nəzarəti ələ almaq niyyətindədir. Bunun üçün də İsrail hakimiyyəti üç mərhələdən ibarət əməliyyat keçirir. Birinci mərhələ HƏMAS-ın obyektlərinə havadan zərbələr endirmək idi. Bu mərhələni həyata keçirdilər. İkinci mərhələ quru əməliyyatlarıdır, hansı ki, bu əməliyyat yekunlaşmaq üzrədir. Üçüncü mərhələ isə yeni kommunikasiya xətləri, yeni münasibətlər yaratmaq və s. məsələlərdir. Üçüncü mərhələ həm də Fələstinin gələcəyi məsələsidir. Məsələn, Fələstinin daxili qüvvələri Pekində qətnamə qəbul ediblər. Həmin sənədə əsasən Mahmud Abbasın başçılıq etdiyi klassik Fələstin Azadlıq Hərəkatı İsraili dövlət olaraq tanımaq istəyir və danışıqların tərəfdarıdır. Problem HƏMAS-ın yanaşmasındadır. HƏMAS İsraili qəbul etmir və bu dövləti məhv etmək istəyir. Bu, gülməlidir. Çünki bir qruplaşma İsrail kimi dövləti məhv edə bilməz. Bu halda onun arxasında dayanan İran adlı dövlət ortaya çıxır.

- Yəni HƏMAS-ı İsrailə qarşı savaşa qaldıran İrandır...

- Savaşa qaldırmır, birbaşa özü müharibə edir. Tehran rejimi dörd dövlətin ərazisindən İsrailə qarşı müharibə aparır. Bu dövlətlər Yəmən, Suriya, Livan və Fələstindir. Bu, İsrailə qarşı dörd istiqamətdən müharibə aparır. Ona görə də demək olar ki, İran-İsrail müharibəsi faktiki olaraq davam edir. Bu müharibə indi yox, ötən ilin oktyabr ayının 7-dən başlayıb. Eyni zamanda, İran hərbçiləri öldürülürsə, generalları qətlə yetirilirsə, o zaman bu ölkə müharibə aparır.

- İsmayıl Haniyənin qətlindən sonra Tehran “qisas” alacağını bəyan etdi, hətta 24 saat müddətdən danışıldı. Amma 24 saat keçdi, nəsə baş vermədi...

- İran bununla müttəfiqlərinə də bir mesaj verirdi. Görünür, müsbət cavab alınmadı, yaxud da gözləmə mövqeyini seçdi. Amma bütün hallarda, İran aktivləşib. Bəli, İran İsraili vuracaq. Amma sual olunur: nəticə nə olacaq? İsrail də buna cavab verəcək. İsrail Livandakı Hizbullah qruplaşmasının bütün obyektlərini vuracaq. Çünki Təl-Əviv əsas qazanacaq ki, ərazisinə hücum olub.

Düzdür, Haniyə İran ərazisində öldürülüb. Amma fakt yoxdur ki, İran ərazisinə xaricdən hücum edilib, bomba atılıb. Haniyəni öldürən raket İran ərazisindən də atıla bilərdi. Ona görə də vəziyyhət çox mürəkkəbdir.

Başqa bir məsələ odur ki, “qisas tələsi” deyilən bir məsələ var ki, tezliklə İran qisas almaq istəsə, tələyə düşəcək. Ona görə də İranı bir çox beynəlxalq güclər “qisas tələsinə” düşməməyə səsləyirlər. İsraillə açıq müharibə İran üçün fəlakətlə nəticələnə bilər. Görünür Tehrandakıların bir çoxu bunu dərk edir və tələsik addım atmır.

Digər xəbərlər
XƏBƏR LENTİ