Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb.
Bu barədə amerikalı astrofiziklər bəyan ediblər.
Bildirilir ki, bu qalaktika bizim Süd Yoluna ən yaxın qalaktikadır. O, bizdən təxminən 2.5 milyon işıq ili məsafədə yerləşir. Astronomlar onu 2014-cü ildən müşahidə edirdilər. O zaman o, daha da parladı, 2016-2019-cu illər arasında tutqunlaşmağa başladı və 2023-cü ilə qədər səmadan tamamilə yoxa çıxdı.
Bu hadisə alimləri xeyli təəccübləndirib. Çünki bu ulduz bizim Günəşdən daha böyük kütləyə malik idi və ondan tamam başqa şey - supernova partlayışı gözlənilirdi. Lakin bunun əvəzinə alimlər ulduzun heç bir partlayış olmadan, sadəcə yoxa çıxdığını görüblər - nəhəng ulduzun kollapsı parlaq parıltı və kosmik miqyaslı "xüsusi effektlərlə" müşayiət olunmadı.
Amerikalı astrofiziklər bu hadisəni "uğursuz supernova" adlandırırlar. Onların versiyasına görə, bu, kütləsi müəyyən diapazonda olan ulduzlarla baş verə bilər. Hesablamalar göstərir ki, "Andromeda" qalaktikasındakı "M31-2014-DS1" ulduzu əvvəlcə təxminən 20 günəş kütləsinə malik olub, ancaq yoxa çıxdığı ana qədər yeddi kütləyə qədər kiçilib.
"Bu o deməkdir ki, o artıq örtüyünü itirmişdi və tullamağa başqa bir şeyi qalmamışdı. Ulduz Kainata xəbər vermədən çökdü və görünməz oldu, böyük ehtimalla qara dəliyə çevrildi", - deyə alimlər bildiriblər.